satellite   Azerspace-1: 11135 H 30000

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır

 Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır

Rumıniyanın analitik platformalarından biri olan “Contributors” nəşrində dərc olunan geniş təhlildə geoloq və professor Konstantin Kranqanu Hörmüz boğazının qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini təhlil edib.

NTV xəbər verir ki, məqalədə qeyd olunur ki, İran və Oman arasında yerləşən Hörmüz boğazı Körfəzi Hind okeanı ilə birləşdirən və dünya enerji ticarətində həlledici rol oynayan strateji dəniz keçididir. Uzunluğu təxminən 150 kilometr olan bu boğaz bəzi yerlərdə cəmi bir neçə on kilometr enə malikdir və bu xüsusiyyət onu qlobal enerji nəqliyyatının ən həssas nöqtələrindən birinə çevirir.

Analitik qeyd edir ki, qlobal neft ticarətinin təxminən beşdə biri və mayeləşdirilmiş təbii qaz daşımalarının mühüm hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir. Körfəz regionunda yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq və İran kimi ölkələrin enerji ixracı böyük ölçüdə bu marşrutdan asılıdır. Bu səbəbdən Hörmüz boğazında baş verə biləcək hər hansı gərginlik və ya nəqliyyatın məhdudlaşdırılması qlobal enerji bazarlarına və qiymətlərə dərhal təsir göstərir.

Konstantin Kranqanu vurğulayır ki, Hörmüz boğazının strateji əhəmiyyəti yalnız geopolitik faktorlarla deyil, həm də geoloji xüsusiyyətlərlə bağlıdır. Onun sözlərinə görə, bu region milyonlarla il davam edən tektonik proseslər nəticəsində formalaşıb və burada yerləşən dağ silsilələri, tektonik qırılmalar və dəniz relyefi bu dar keçidin yaranmasına səbəb olub. Bu geoloji quruluş alternativ dəniz marşrutlarının formalaşmasını çətinləşdirir və nəticədə Hörmüz boğazını qlobal enerji sisteminin “dar boğaz” nöqtəsinə çevirir.

Məqalədə qeyd olunur ki, regionda baş verən siyasi və hərbi gərginliklər dəfələrlə bu strateji keçidin təhlükəsizliyi məsələsini gündəmə gətirib. İran ilə Qərb ölkələri arasında münasibətlərin gərginləşdiyi dövrlərdə boğazın bağlanması ehtimalı tez-tez müzakirə mövzusu olub. Ekspertlərin fikrincə, belə bir ssenari baş verərsə, dünya bazarlarında neft qiymətləri sürətlə yüksələ və qlobal iqtisadiyyatda ciddi qeyri-müəyyənlik yarana bilər.

Analitik həmçinin qeyd edir ki, son illərdə bəzi ölkələr Hörmüz boğazından asılılığı azaltmaq üçün alternativ enerji nəqli marşrutları inkişaf etdirməyə çalışırlar. Məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neftin bir hissəsini boru kəmərləri vasitəsilə Qırmızı dəniz və Oman körfəzi istiqamətinə yönəltməyə çalışır. Bununla belə, mövcud infrastruktur hələ də Körfəzdən ixrac olunan enerji resurslarının böyük hissəsinin məhz Hörmüz boğazından keçməsini qaçılmaz edir.

Konstantin Kranqanu qeyd edir ki, qlobal enerji təhlükəsizliyi anlayışı yalnız enerji ehtiyatlarının mövcudluğu ilə deyil, həm də onların təhlükəsiz və fasiləsiz şəkildə daşınması ilə bağlıdır. Bu baxımdan Hörmüz boğazı qlobal enerji sisteminin ən kritik nəqliyyat qovşaqlarından biri olaraq qalır.

Məqalədə vurğulanır ki, dünya iqtisadiyyatının enerji resurslarından asılılığı davam etdiyi müddətdə Hörmüz boğazının strateji əhəmiyyəti də qalacaq. Ekspertin fikrincə, bu dəniz keçidi yalnız regional deyil, həm də qlobal geopolitikanın və enerji təhlükəsizliyinin əsas mərkəzlərindən biri kimi uzun müddət diqqət mərkəzində olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM