Səudiyyə Ərəbistanında zəvvarların yerləşdikləri hotellərdə və müvəqqəti yaşayış məkanlarında Həcc missiyasının tibb ofislərini yoxlamaq üçün genişmiqyaslı kampaniya başlayıb.
NTV Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinə (Saudi Press Agency) istinadla xəbər verir ki, Səhiyyə və Turizm nazirliklərinin birgə təşkil etdikləri kampaniya Həcc mövsümündə zəvvarlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Mütəxəssislər tibb ofislərinin lisenziyalarını, sanitariya və təşkilati tələblərə uyğunluğunu, habelə ixtisaslı tibb işçiləri ilə necə təmin olunduğunu yoxlayırlar. Dərman və tibbi ləvazimatların təhlükəsizliyinə, onların saxlanma şəraitinə, lazımi avadanlıqların mövcudluğuna, infeksiya nəzarəti və sanitariya tədbirlərinə əməl olunmasına xüsusi diqqət yetirilir.
Xatırladaq ki, budəfəki Həcc mövsümündə Səudiyyə Ərəbistanı 860 mindən çox zəvvar qəbul edib, onların 4 mindən çoxu dəniz yolu ilə gəlib.
