Türkiyədə Qurban bayramı tətili dövründə yol-nəqliyyat hadisələrində 70 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi özünün "X" sosial media hesabında məlumat yayıb.
Bildirib ki, Daxili İşlər Nazirliyinin 334 min 17 əməkdaşı bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün sutka ərzində fasiləsiz xidmət aparıb:
"Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə isə 66 481 əməkdaş və 49 826 xidmət avtomobili ilə nəzarət tədbirləri fasiləsiz davam etdirilib. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, Qurban bayramı tətili müddətində yol-nəqliyyat hadisələri nəticəsində 70 vətəndaşımız həyatını itirib".
