Qırğızıstan ümumi qoyuluş gücü təqribən 6 QVt olan bərpa olunan enerji mənbələrinin inkişafı üzrə sazişlər imzalayıb və artıq xarici investorlarla bir sıra iri layihələrin həyata keçirilməsinə başlayıb.
NTV xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Vyetnamın "Rox" şirkəti ilə təqribən 2 milyard ABŞ dolları investisiya həcmi olan və ümumi gücü 1 900 MVt təşkil edən layihələrin həyata keçirilməsi üzrə investisiya sazişi imzalanıb: "Layihə artıq fəal şəkildə həyata keçirilir və iyunun 14-də 175 MVt həcmində ilk güclərin şəbəkəyə qoşulması planlaşdırılır".
T.İbrayev qeyd edib ki, növbəti mərhələdə 400 MVt həcmində güclərin istifadəyə verilməsi nəzərdə tutulur, 1 300 MVt gücündə olan layihənin üçüncü mərhələsi isə 2028-ci ilədək başa çatdırılmalıdır.
Nazir vurğulayıb ki, bərpa olunan enerjinin inkişafı Qırğızıstan üçün prioritet istiqamətlərdən biri olaraq qalır.
Bununla yanaşı, onun sözlərinə görə, ölkənin əsas vəzifəsi su ehtiyatlarından səmərəli istifadə, eləcə də qonşu dövlətlərə elektrik enerjisi tədarükü vasitəsilə regionun enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi olaraq qalır.
