Bakı-Tbilis-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimində iştirak etməkdən məmnunam. Tarixi əhəmiyyətə malik layihə Gürcüstan, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın, nümunəvi əməkdaşlığın növbəti bariz nümunəsidir.
NTV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze BTQ-nin rəsmi açılış mərasimindəki çıxışı zamanı söyləyib.
Onun dözlərinə görə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi regionda həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir.
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıraraq regionumuzun qlobal ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir. Marşrutun tam istismara verilməsi ilə dəmir yolu xəttinin ötürmə qabiliyyəti ildə 5 milyon tona çatacaq ki, bu da regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirəcək”, - deyə İrakli Kobaxidze vurğulayıb.
Baş nazir layihənin uğurla başa çatmasına görə Azərbaycan və Türkiyə tərəfinə minnətdarlığını bildirib.
