ABŞ Ticarət Nazirliyi milli təhlükəsizliklə bağlı narahatlıqlar fonunda Çindən robot texnikasının idxalına yeni məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
NTV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd olunur ki, Amerika hakimiyyəti robototexnika sahəsində rəqabətin artması və bunun texnoloji silahlanma yarışına çevrilə biləcəyi barədə xəbərdarlıq edir.
Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyi Çin robot istehsalçılarının hökumət subsidiyaları alan məhsullarının təhlilini aparır. Vaşinqton hesab edir ki, bu cür dəstək milli təhlükəsizliyə təhdid yarada bilər, çünki bu, Çin şirkətlərinə qlobal bazarlara daha tez daxil olmağa və Amerika istehsalçılarını geridə qoymağa imkan verir.
"Politico" mənbələrinin qeyd etdiyi kimi, robototexnika, yarımkeçiricilər və süni intellekt texnologiyaları ilə birlikdə, ABŞ və Çin arasında texnoloji qarşıdurmanın əsas sahələrindən biri kimi görülür.
ABŞ ticarət katibi Hovard Latnik də Amerika robototexnika və maliyyə xidmətləri şirkətlərinin nümayəndələri ilə görüşüb. Danışıqlarda SpaceX, Boston Dynamics, Siemens, Rockwell Automation və JPMorgan Chase və Goldman Sachs banklarının nümayəndələri iştirak edib.
