ABŞ avqustun 2-də on ildən çox müddətdə ilk dəfə Yaponiyanın valyuta bazarına müdaxilə edib və yapon yeni satın alıb. Bu, Prezident Donald Trampın “dostluq əlaməti” adlandırdığı maliyyə əməliyyatı çərçivəsində həyata keçirilib.
NTV xarici mediaya istinadla xəbər verir ki, bu addım yapon yeninin ABŞ dollarına qarşı 40 ilin ən aşağı səviyyəsinə düşməsindən sonra onu dəstəkləmək məqsədilə atılıb.
Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib: “Yapon yeni zəifləyib və onlar bir az kömək istəyirdilər. Biz Yaponiyanın daim yanındayıq”.
Onun bu bəyanatı “Financial Times” qəzetinin Nyu-York Federal Ehtiyat Bankının məsələ ilə tanış mənbələrə istinadla Xəzinədarlıq Departamenti adından yen almaq üçün avronun satıldığı barədə xəbərindən sonra verilib.
Tramp yapon valyutasına dəstək verməyin dünya iqtisadiyyatı üçün yaxşı amil olacağını bildirib. Prezident keçən il Argentinaya 20 milyard dollarlıq yardımı misal çəkib.
Xəzinədarlıq katibi Skott Bessent bildirib ki, ABŞ və Yaponiya cümə günü yapon valyutasının nizamsız dalğalanmasının qarşısını almaq üçün valyuta bazarlarına birgə müdaxilə edib. O əlavə edib ki, Birləşmiş Ştatlar daha çox birgə müdaxilədə iştirak etməkdən çəkinməyəcək.
Yaponiya Maliyyə Nazirliyi birgə müdaxilənin yenin kursundakı həddindən artıq dəyişkənlik və nizamsız hərəkətlərə qarşı mübarizə aparmaq məqsədi daşıdığını bildirib. Nazirlik Vaşinqtonla sıx əlaqədə olduğunu və daha çox birgə müdaxilə etməkdən çəkinməyəcəyini əlavə edib.
Tramp müdaxilənin ABŞ-yə maliyyə qazancları da gətirəcəyini deyib, lakin bunun necə baş verəcəyini izah etməyib. “Yaponiya Pearl Harbor istisna olmaqla, həmişə bizə çox yaxşı davranıb”, - deyə o, zarafatla bildirib.
Bu addım, 2011-ci ildən bəri ilk birgə valyuta müdaxiləsi olub. Həmin dövrdə dağıdıcı zəlzələdən sonra yerli sığorta şirkətləri tərəfindən aktivlərin geri qaytarılması gözlənildiyi üçün yapon valyutası ABŞ dollarına qarşı müharibədən sonrakı rekord səviyyələrə qalxmışdı. Bu, G7 ölkələrini və Yaponiya Bankını yenin satışı və kəskin artımının qarşısını almaq üçün koordinasiyalı bazar müdaxiləsinə vadar etmişdi.
