Çexiya Müdafiə Nazirliyi ağır hərbi texnikanın daşınması üçün xüsusi dəmir yolu platformaları almağa qərar verib.
NTV xəbər verir ki, qərarın məqsədi böhran vəziyyətində ölkənin silahlı qüvvələrinin platformaların icarəsindən asılılığını azaltmaqdır. İlin sonunadək Çexiya ordusunun Samms tipli 20 yeni platforma alacağı gözlənilir. Müqavilə Müdafiə Nazirliyinin tabeliyindəki “Armádní Servisní” qurumu ilə Slovakiyanın “Tatravagónka” şirkəti arasında imzalanıb.
Platformalar əsasən Leopard tanklarının daşınması üçün nəzərdə tutulub. Hazırda Çexiya ordusunun arsenalında 42 Leopard 2A4 tankı var, daha 44 Leopard 2A8 tankının isə onilliyin sonunadək təhvil verilməsi planlaşdırılır.
Hərbi mütəxəssislərin fikrincə, Leopard tanklarının avtomobil yollarında hərəkəti mümkündür, lakin uzun məsafələr üçün dəmir yolu daha məqsədəuyğundur.
Çexiyanın coğrafi mövqeyi böhran zamanı onu NATO qüvvələri üçün mühüm logistika və nəqliyyat mərkəzinə çevirə bilər. Ölkə müttəfiq qüvvələrin maneəsiz tranzitini təmin etməyi öhdəlik götürüb. Bu, NATO öhdəliklərinin icrası baxımından əhəmiyyətlidir.
