Çin istehsalçıları cari ilin ilk yarısında humanoid robotların dünya üzrə tədarük bazarının 97 faizindən çoxunu tutublar.
NTV “Bloomberg”ə istinadla xəbər verir ki, Kaliforniyada yerləşən “Smart Analytics Global” analitik şirkətinin araşdırmasına əsasən, yanvar-iyun aylarında dünya üzrə istehsalçılar 19,1 min humanoid robot tədarük ediblər. Bu, ötən ilin eyni dövrünün göstəricisindən, yəni 5,1 mindən xeyli çoxdur.
Tədarük həcminə görə ilk yeri Çinin “Agibot” şirkəti tutub. Şirkətin payına dünya üzrə tədarüklərin 44 faizi düşüb. Şirkət təxminən 8,4 min robot satıb. İkinci yerdə isə təxminən 5,9 min robot tədarük edən “Unitree” qərarlaşıb.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Tesla”, “Figure AI və Agility Robotics” şirkətləri tədarük həcminə görə Çin istehsalçılarından geri qalıb.
Analitiklər sənayenin artım tempinin daha da sürətlənəcəyini gözləyirlər. Onların proqnozlarına görə, 2026-cı ilin yekununda humanoid robotların dünya üzrə tədarükü 60 minə çata, 2030-cu ilədək isə 500 minə qədər arta bilər.
Bununla yanaşı, bu cür texnikaya olan tələbin strukturu da dəyişir. İlin ilk yarısında dünya bazarına tədarük olunan robotların 70 faizindən çoxu sənayedə və digər kommersiya sahələrində istifadə edilib. Bir il əvvəl bu göstərici təxminən 50 faiz təşkil edib.
Çində robototexnika sənayesinin sürətli inkişafı, xüsusilə dövlət dəstəyi və istehsalçılara subsidiyaların verilməsi ilə əlaqələndirilir. Ölkənin daxili bazarında humanoid robotların hazırlanması və istehsalı sahəsində rəqabət aparan onlarla şirkət fəaliyyət göstərir.
Eyni zamanda, sənayenin inkişafı getdikcə təkcə texnoloji rəqabətdən deyil, həm də tənzimləyici və geosiyasi amillərdən asılı olur. İyulun sonunda ABŞ hakimiyyəti milli təhlükəsizlik üçün potensial risklərə istinad edərək, Çin istehsalı olan humanoid və dördayaqlı robotların, eləcə də onlarla əlaqəli bir sıra komponentlərin idxalına məhdudiyyətlər tətbiq olunacağını istisna etməyib.
