Fransanın Xarici İşlər Nazirliyi iki vətəndaşının iyulun 27-dən Toqoda saxlanıldığını təsdiqləyib.
NTV xəbər verir ki, nazirliyin məlumatına görə, Fransa vətəndaşları məhkəmə istintaqı çərçivəsində araşdırılır.
Bildirilib ki, saxlanılan şəxslərə indiyədək üç dəfə konsulluq nümayəndələri baş çəkib. Paris və Lomedəki Fransa diplomatik xidmətləri onların saxlanma şəraitinin və sağlamlıq vəziyyətinin, eləcə də müdafiə hüquqlarına hörmətin təmin olunması üçün tədbirlər görür.
Fransanın Toqodakı səfirliyi və Parisdəki Məhbusların Müdafiəsi Bürosu da onların vəkili, işəgötürəni və ailələri ilə əlaqə saxlayır.
Yerli mediada yayılan məlumatlara görə, saxlanılan şəxslər Fransa istehsal şirkəti üçün çalışan rejissor-jurnalistlərdir və onların hazırladığı layihənin “France Télévisions” kanalında yayımlanması nəzərdə tutulurdu. Fransa hakimiyyəti onlara qarşı irəli sürülən ittihamların mahiyyətini açıqlamayıb.
Mümkün diplomatik məsələ ilə bağlı təsdiqlənməmiş məlumatlar
Toqonun “L’Alternative” nəşri iddia edir ki, iki fransız ölkənin şimalında Toqo kəşfiyyat xidmətləri tərəfindən saxlanılıb və daha sonra məhkəmə orqanlarına təqdim olunub. Nəşrin məlumatına görə, Prezident For Essozimna Gnassingbe ədliyyə naziri Pacom Acuruviyə bu işlə bağlı göstərişlər verib.
Media orqanı, həmçinin iddia edir ki, Toqo hakimiyyəti iki fransızın azad edilməsi müqabilində araşdırmaçı jurnalist Ferdinand Ayitenin ölkəyə ekstradisiya olunmasını tələb edə bilər. Lakin bu məlumat nə Fransa, nə də Toqo hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Bu hadisə Lome ilə bəzi Fransa mediası arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edir. 2025-ci ilin iyununda “Radio France Internationale (RFI)” və “France 24” Toqoda yayımını dayandırmışdı. Toqo hakimiyyəti həmin kanalları qeyri-dəqiq və qərəzli məlumatlar yaymaqda ittiham etmişdi.
Araşdırmaçı jurnalist və Toqonun “L’Alternative” nəşrinin rəhbəri Ferdinand Ayite uzun illərdir ölkə hakimiyyəti ilə qarşıdurma yaşayır. O, 2021-ci ilin dekabrında yutubda yayımlanan proqramda səsləndirdiyi tənqidi fikirlərə görə jurnalist Joel Egah ilə birlikdə saxlanılmışdı. İnsan hüquqları təşkilatları həmin vaxt onların həbsini pisləyərək, azadlığa buraxılmalarını tələb etmişdi.
Ayite sonradan Toqonu tərk edib. Onun adı hazırda iki fransız vətəndaşının həbsi ilə bağlı “L’Alternative” tərəfindən çəkilsə də, indiyədək bu iki məsələ arasında rəsmi əlaqəni təsdiqləyən heç bir məlumat yoxdur.
Hazırda Paris yalnız iki fransız vətəndaşının saxlanıldığını və məhkəmə araşdırmasının başladığını təsdiqləyir. Onların həbs səbəbləri və Ferdinand Ayitenin mümkün ekstradisiyası ilə bağlı iddialar isə rəsmi şəkildə təsdiqlənməyib.
