Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bölmələrinin arsenalında 241 pilotsuz uçuş aparatı var. Onlardan 185-i süni intellekt funksiyaları ilə təchiz edilib.
NTV Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 2025-ci ildə və 2026-cı ilin əvvəlindən nazirliyin bölmələri pilotsuz uçuş aparatlarının tətbiqi ilə 5 mindən çox əməliyyat keçirib və 63 nəfər xilas edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyi operatorun birbaşa iştirakı olmadan avtonom rejimdə uçuş həyata keçirə bilən 70 pilotsuz uçuş aparatından istifadə edir. Bu aparatlardan ötürülən videogörüntülər sutka ərzində fasiləsiz olaraq nazirliyin bölmələrinin operativ idarəetmə mərkəzlərinə daxil olur.
Ölkənin su hövzələrində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə gündəlik reyd və patrul tədbirlərində 81 pilotsuz uçuş aparatından istifadə olunur. Onlardan 33-ü termal görüntüləmə və qaranlıq vaxtlarda monitorinq də daxil olmaqla geniş funksional imkanlara malikdir.
