Rusiyanın Antalyadakı baş konsulluğu Türkiyənin “Pegasus” aviaşirkətinin reyslərinin ləğvi ilə bağlı vəziyyəti nəzarətdə saxlayır.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, ləğv edilmiş reyslərlə uça bilməyən Rusiya vətəndaşlarına zərurət yaranacağı təqdirdə mehmanxanada yerləşmə və qida ilə təmin olunma imkanı yaradılacaq.
Bundan əvvəl “Pegasus” aviaşirkəti texniki və operativ səbəblərdən Türkiyə və Rusiya şəhərləri arasında bir sıra reysləri ləğv etdiyini açıqlayıb. “Turkish Airlines” aviaşirkəti də İstanbul ilə Moskva arasındakı bir neçə reysi ləğv edib.
Sentyabrın 1-də axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən Rusiya hava məkanı mülki aviasiya üçün təhlükəli vəziyyətə gəlir. O, Rusiyaya uçuşlar həyata keçirən beynəlxalq aviaşirkətləri mümkün riskləri nəzərə almağa çağırıb.
