satellite   Azerspace-1: 11135 H 30000

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Fransızların böyük əksəriyyəti dövlət borcunun azaldılması üçün çətin və hədəfli tədbirlərin görülməsinə hazırdırlar. Lakin vergilərin artırılmasına qarşı çıxırlar. Yeni sorğu ölkə əhalisinin yarıdan çoxunun maliyyə vəziyyətini ciddi hesab etdiyini göstərir.

NTV xəbər verir ki, Fransada 2027-ci il büdcəsi ilə bağlı müzakirələrin gərgin keçəcəyi gözlənilir. Ölkənin dövlət borcu ÜDM-in 115 faizini ötüb, büdcə kəsirinin isə təxminən 5 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Dövlət maliyyəsinin bərpası artıq təxirəsalınmaz məsələ kimi qiymətləndirilir.

Fransa İctimai Rəy İnstitututunun (IFOP) apardığı yeni sorğunun nəticəsinə görə, fransızların 40 faizi ölkədəki vəziyyəti çox narahatedici hesab edir. Bu göstərici səkkiz ay ərzində 5 faiz artıb. Respondentlərin təxminən yarısı isə vəziyyəti ciddi qiymətləndirir. Yalnız 11 faiz vəziyyətin o qədər də ciddi olmadığını düşünür.

Fransızların 77 faizi dövlət maliyyəsini düzəltmək üçün hədəfli və çətin tədbirlərin görülməsini dəstəkləyir. Eyni zamanda, 61 faiz dövlət xərclərinin azaldılmasını vergi artımından üstün tutur.

Vergilərin artırılmasına münasibət siyasi mövqedən asılı olaraq dəyişir. Milli Birlik partiyası (RN) tərəfdarlarının 77 faizi, Respublikaçı tərəfdarlarının 75 faizi və prezident düşərgəsinin 61 faizi vergi artımının əleyhinədir. Sol seçicilər arasında isə mövqe daha bölünüb. Sosialist Partıyası (PS) tərəfdarlarının 40 faizi həm qənaət tədbirlərini, həm də vergi artımını mümkün variant hesab edir.

Sorğu hökumət üçün də mühüm siqnal sayıla bilər. Baş nazir Sebastyən Lökornü hökuməti büdcədə kompromis imkanlarını araşdırarkən, əhalinin ümumi sərt qənaət siyasətindən narahat olduğunu nəzərə almalı olacaq.

Fransızlar büdcə qənaəti zamanı bəzi sahələrin qorunmasını tələb edirlər. Əhalinin 73 faizi səhiyyənin prioritet olaraq qorunmasını istəyir. Təhsil 46 faizlə ikinci yerdədir. Polis və jandarm, müdafiə, həmçinin iqlim dəyişikliklərinə uyğunlaşma da qorunması istənilən digər sahələr sırasındadır.

Beləliklə, fransızların mesajı kifayət qədər aydındır: dövlət maliyyəsi düzəldilməlidir, lakin yük bütün əhaliyə eyni şəkildə və vergi artımı hesabına qoyulmamalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM