İran Hörmüz boğazının yenidən açılması ilə bağlı ABŞ-yə təqdim etdiyi təklifə rəsmi cavab gözləyir.
NTV xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi qətərli vasitəçilərin İran tərəfi ilə danışıqlar apardığını və əldə olunan təklifləri ABŞ-yə çatdıracağını bildirib. Onun sözlərinə görə, bundan sonra Vaşinqtonun yekun cavabı Tehrana təqdim ediləcək.
Abbas Əraqçi qeyd edib ki, Qətər tərəfi ABŞ-dən cavabın bu gün alınacağına ümid edir. İranın xarici işlər naziri, həmçinin bildirib ki, Hörmüz boğazının açılması üçün Tehranın irəli sürdüyü müəyyən şərtlər var və son görüşlərdə Qətər vasitəçiləri ilə məhz həmin şərtlərin həyata keçirilməsi yolları müzakirə olunub.
Əraqçinin açıqlaması İranın ABŞ-yə təqdim etdiyi yeddigünlük plan ətrafında aparılan dolayı danışıqlar fonunda səslənib. İranın təklifinə əsasən, ABŞ-nin müəyyən tələbləri yerinə yetirməsi müqabilində Tehran bir həftə ərzində Hörmüz boğazının açılmasına razı ola bilər. “Reuters”in məlumatına görə, plan, həmçinin hərbi əməliyyatların dayandırılması, İranın dondurulmuş aktivlərinin açılması və neft sektoruna qarşı sanksiyaların yumşaldılması kimi məsələləri əhatə edir.
