ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində pnevmonik taun şübhəsi ilə bir nəfərin ölməsi barədə məlumatlardan sonra tibbi xəbərdarlıq yayıb.
NTV xəbər verir ki, səfirliyin açıqlamasında İrkutskda hadisə ilə əlaqədar karantin tədbirlərinin tətbiqi və xəstəxanaların bağlanması barədə mətbuatda yayılan məlumatlardan xəbərdar olduğu bildirilib.
Səfirlik ABŞ hökumətinin Rusiyada, xüsusilə Moskvadan kənarda Amerika vətəndaşlarına yardım göstərmək imkanlarının məhdud olduğunu vurğulayıb. Bildirilib ki, səhiyyə və təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ABŞ hökumətinin əməkdaşlarının Rusiyanın müəyyən bölgələrinə şəxsi və xidməti səfərlərinə əlavə məhdudiyyətlər tətbiq oluna bilər.
Diplomatik nümayəndəlik, həmçinin ABŞ Dövlət Departamentinin Rusiya ilə bağlı ən yüksək – 4-cü səviyyəli “Səfər etməyin” xəbərdarlığının qüvvədə qaldığını xatırladıb. Rusiyada olan ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmək, Rusiyaya səfər planlaşdıranlara isə qanunsuz saxlanılma və təhlükəsizlik riskləri səbəbindən səfərdən imtina etmək tövsiyə olunub.
