Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin müəyyənləşdirilməsi ilə bağlı prosesi açıqlayıb.
NTV xəbər verir ki, mötəbər yarışı təşkil etmək üçün 7 ölkə – Almaniya, Macarıstan, Hindistan, Qətər, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR) və Türkiyə namizədliyini irəli sürüb.
Namizəd ölkələr noyabr ayında layihələrini IOC-un Gələcək Ev Sahibi Seçim Komissiyasına təqdim edəcəklər. 2027-ci ilin martında Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi növbəti mərhələyə keçəcək şəhərləri müəyyənləşdirəcək. 2028-ci ilin dekabrında namizədlərlə bağlı yeni seçim prosesi keçiriləcək və yekun qərarın 2029-cu ilin ortalarında verilməsi planlaşdırılır.
Namizəd şəhərlər idman obyektlərinin infrastrukturu, maliyyələşmə strategiyası, dövlət və ictimaiyyətin dəstəyi kimi meyarlar əsasında qiymətləndiriləcək. Almaniya yarışa Münxen, Hindistan Əhmədabad, Qətər Doha, Macarıstan Budapeşt, Türkiyə İstanbul, CAR isə Keyptaun şəhəri ilə qatılır. Cənubi Koreya isə Seul və Çonbukun birgə namizədliyini nəzərdən keçirir.
