İraqın Baş naziri Əli Faleh əl-Zeydi bildirib ki, beş qruplaşma silahlarını təhvil verməyə razılıq verib. Onlardan üçü artıq prosesə başlayıb, digər iki qrupla isə danışıqlar davam edir.
NTV bu barədə İraq hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumata görə, İraq hökuməti dövlətin institutlarını və nüfuzunu gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Baş nazir dövlətin zəiflədilməsinə və ya onun mövcudluğunun təhdid edilməsinə yönəlmiş cəhdlərə yol verilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, hökumət ölkəni regiondakı münaqişələrdən uzaq tutmağa çalışır və cəmiyyətin, eləcə də xalqın təhlükəsizliyini əsas məqsəd hesab edir.
Ötən ilin avqustunda əl-Zeydi qruplaşmaların əlində olan silahların dövlətin nəzarətinə verilməsini nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş verib. O bildirib ki, nəzarətsiz silahlar qanunun aliliyini sarsıdır və təhlükəsizlik institutlarını zəiflədir.
Sentyabr ayında hökumət qrupların silahlarını təhvilvermə prosesinin 2027-ci ilin ortalarınadək tamamlanması üçün planın hazırlandığını açıqlayıb. əl-Zeydi isə tərk-silah prosesinin 2027-ci il iyunun 30-dək tamamlanacağını bildirib.
İraq Daxili İşlər Nazirliyi də avqust ayında silahların qeydiyyata alınması, onların saxlanılması və istifadəsinə nəzarətin gücləndirilməsi çərçivəsində təxminən 6 milyon odlu silah barədə məlumat bazasının yaradıldığını açıqlayıb.
Bununla yanaşı, bildirilib ki, silahların dövlətin nəzarətində cəmləşdirilməsi prosesi konkret olaraq hər hansı silahlı qrupa, quruma və ya icmaya qarşı yönəlməyib.
