ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ona Nobel Sülh Mükafatının verilməməsi qərarı Norveç Nobel Komitəsinin nüfuzuna xələl gətirəcək.
NTV xəbər verir ki, bu barədə Amerika lideri Ağ evdə jurnalistlərə bildirib.
"Düşünürəm ki, bu onların nüfuzuna xələl gətirəcək. Mən bunu onlara hörmətsizlik edərək demirəm", - Tramp deyib.
Onun sözlərinə görə, komitənin qərarından asılı olmayaraq, o, sülhə nail olmaq üçün mükafatın bir çox əvvəlki laureatlarından qat-qat çox iş görüb.
"Mən səkkiz müharibənin başa çatmasına nail olmuşam. Növbədə daha biri var", - ABŞ Prezidenti bildirib. Bundan əvvəl Tramp Ukraynadakı münaqişənin nizamlanmasına da tezliklə nail oluna biləcəyinə əminliyini ifadə edib.
Amerika lideri həmçinin öz nailiyyətlərini 2009-cu ildə, vəzifəyə başladıqdan qısa müddət sonra Nobel Sülh Mükafatını almış sabiq ABŞ Prezidenti Barak Obamanın fəaliyyəti ilə müqayisə edib.
Trampın fikrincə, Obama o vaxt "heç nə etməmişdi" və nəyə görə mükafata layiq görüldüyünü özü də anlamırdı.
