Misirin Qərbiyə rayonunun Bahbit əl-Hicara kəndində iki nəhəng hökmdar heykəlinin qalıqları tapılıb. Heykəllərdən birinin II Ramzesi təsvir etdiyi dəqiq müəyyən edilib, digərinin də həmin fironu əks etdirdiyi güman olunur. Tapıntılar arasında üzərində heroqlif yazılar olan çəhrayı qranit blok da var.
NTV “Əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, bu kəşflər yerli sakinlərdən birinin evinin qarşısındakı torpaq sahəsində işləyən zaman üzərində yazılar olan daş blok tapmasından sonra edilib. Sakin dərhal müvafiq arxeoloji müfəttişliyə məlumat verib; qurumun mütəxəssisləri əraziyə baxış keçirərək tapıntının arxeoloji əhəmiyyətini təsdiqləyiblər.
Daha sonra Bahbit əl-Hicara Arxeoloji Müfəttişliyi zəruri hüquqi prosedurları tamamlayıb, həmçinin həmin ərazidə qazıntılar aparmaq üçün arxeoloji komitə və Ali Qədim Əsərlər Şurası (SCA) tərəfindən ixtisaslaşmış qrup yaradıb. Bu işlər nəticəsində heykəl qalıqları və üzərində yazılar olan qranit blok aşkar edilib.
Misirin turizm və qədim əsərlər naziri Şərif Fəthi bu kəşfi ölkənin arxeoloji tapıntılarına mühüm əlavə kimi xarakterizə edərək bildirib ki, heykəllər regionun tarixi və mədəni əhəmiyyətinə daha çox aydınlıq gətirəcək. O, üzərində yazılar olan daş blok barədə dərhal məlumat verdiyi üçün yerli sakini təqdir edib və Misirin mədəni irsinin gələcək nəsillər üçün qorunub saxlanılmasında ictimai məlumatlılığın və yerli icmanın iştirakının vacib rolunu vurğulayıb.

Ali Qədim Əsərlər Şurasının (SCA) baş katibi Hişam əl-Leysi qeyd edib ki, ilk tapıntı firon II Ramzesin heykəlinin nəhəng baş hissəsidir. Heykəldə firon Yuxarı və Aşağı Misirin birləşməsinin rəmzi olan “İkiqat tac” taxmış vəziyyətdə təsvir olunub. Hündürlüyü təxminən 1,60 metr olan bu baş hissənin arxa tərəfində heykəlin dayaq sütunu yerləşir. Sütunun üzərində fironun “Hor” adı – “Hor Ka Naxt Meri Maat” yazısı həkk olunub.
Baş katib əlavə edib ki, başın ölçülərinə əsasən, heykəlin (özülü ilə birlikdə) ilkin hündürlüyünün təxminən 8,5 metr olduğu güman edilir ki, bu da onun monumental miqyasını və bədii əhəmiyyətini nümayiş etdirir. İkinci tapıntı isə fironun başqa heykəlinin daha böyük hissəsidir. Uzunluğu təxminən 2,40 metr olan bu heykəlin də II Ramzesi təsvir etdiyi ehtimal olunur. Heykəlin ayaqları və özülü çatışmır, firona məxsus “nemes” baş geyiminin yuxarı hissəsi isə zədələnib.
