Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyi möhkəmlənir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də nəqliyyat infrastrukturunun modernləşdirilməsi nəticəsində 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə ərazisindən tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən (RİNN) NTV-yə bildirilib ki, tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. Artım Şərq-Qərb istiqamətində 20,2 faiz, Şimal-Cənub istiqamətində isə 19 faiz təşkil edib.
Müsbət dinamika Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyətində də qeydə alınıb. Belə ki, cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.
Tranzit daşımalarının həcminin artması nəqliyyat-logistika infrastrukturunun inkişafı, rəqəmsallaşma, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərlə bağlıdır. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də Azərbaycanın tranzit imkanlarına tələbatın artmasına təsir göstərir.
Nəqliyyat infrastrukturunun inkişafı
Son illərdə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarının genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədilə dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı infrastrukturu üzrə bir sıra mühüm layihələr həyata keçirilib.
Orta Dəhlizin əsas komponentlərindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilib və onun illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb.
Bakı Beynəlxalq Dəniz Limanının infrastrukturu da genişləndirilib. Limanın illik konteyner aşırma gücü 100 min TEU-dan 160 min TEU-ya yüksəldilib. Əməliyyatların koordinasiyasının təkmilləşdirilməsi nəticəsində gəmilərin emal müddəti təxminən 20 saatdan 4-5 saata endirilib.
Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində bu göstəricinin 25 milyon tona, konteyner aşırma gücünün isə 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.
Ələt nəqliyyat-logistika qovşağının inkişafı çərçivəsində yük aeroportunun tikintisi də həyata keçirilir. Dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatını birləşdirən multimodal logistika kompleksinin tərkib hissəsi olacaq aeroport yüklərin emalının səmərəliliyinin artırılmasına və Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Xəzər dənizində yükdaşımaların artan həcminin qarşılanması məqsədilə dəniz donanmasının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər görülür. Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi əsasında dörd yük gəmisinin inşası davam etdirilir.
Bundan əlavə, 2025-ci il sentyabrın 16-da Bakı Gəmiqayırma Zavodu ilə “AD Ports Group” şirkəti arasında hər biri 780 TEU tutumuna malik iki konteynerdaşıyan gəminin tikintisinə dair müqavilə imzalanıb.
İritutumlu bərələrin inşası, “Ro-Ro” daşımalarının genişləndirilməsi və donanmanın mərhələli şəkildə yenilənməsi Xəzər keçidinin ötürücülük qabiliyyətinin artırılmasına, Orta Dəhliz üzrə daşımaların dayanıqlığının gücləndirilməsinə yönəlib.
Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları yaradacaq
Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin inşası isə davam etdirilir. Eyni zamanda, Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır.
Zəngəzur dəhlizinin inkişafının ildə əlavə 15 milyon tona qədər yükdaşıma potensialı yaratmaqla regional nəqliyyat əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Sərhəd-keçid imkanları genişləndirilir
Tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.
Hazırda ölkədə avtomobil nəqliyyat vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4 min 350 nəqliyyat vasitəsidir.
Son illərdə Azərbaycan-Rusiya sərhədində “Xanoba”, Azərbaycan-İran sərhədində isə “Astara” modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.
Görülən tədbirlər sərhədlərdə nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Nəqliyyat-logistika sektorunda rəqəmsallaşma sürətlənir
Tranzit daşımalarının səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynayır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi-Rəqəmsal Logistika Platforması sənəd dövriyyəsinin sürətləndirilməsinə, prosedurların sadələşdirilməsinə və biznes üçün daha çevik logistika mühitinin formalaşdırılmasına imkan yaradır.
Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur. Bu, marşrut boyunca məlumat mübadiləsinin və əməliyyatların səmərəliliyinin artırılmasına şərait yaradacaq.
Bununla yanaşı, nazirlik beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron sənəd sistemlərinin mərhələli tətbiqi istiqamətində iş aparır. Bu alətlər beynəlxalq daşımaların rəqəmsallaşdırılmasına, kağız sənədlərdən istifadənin azaldılmasına və nəqliyyat məlumatlarının daha operativ mübadiləsinə imkan verəcək.
Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı genişləndirir
Beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı və daşımaların səmərəliliyinin artırılması məqsədilə Azərbaycan bir sıra ikitərəfli və çoxtərəfli sazişlər, yol xəritələri və qarşılıqlı anlaşma memorandumları imzalayıb.
2026-cı il oktyabrın 15-də Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafı üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəd marşrutun gələcək inkişafı və institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Hazırda digər ölkələrin də sazişə qoşulması istiqamətində işlər aparılır.
Tranzit potensialı iqtisadi inkişafı dəstəkləyir
Tranzit yükdaşımalarının həcminin artması nəqliyyat sektorunun inkişafı ilə yanaşı, qeyri-neft iqtisadiyyatında əlavə dəyərin yaradılmasına, investisiya imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə də töhfə verir.
Azərbaycanın qlobal təchizat zəncirlərində mövqeyinin möhkəmlənməsi, beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi ölkənin regional nəqliyyat-logistika qovşağı kimi əhəmiyyətini artırır.
Bu istiqamətdə həyata keçirilən infrastruktur, rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq layihələri Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi və uzunmüddətli iqtisadi inkişafın təmin olunması üçün yeni imkanlar yaradır.
