Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir yumruğun nağılı” adlı yazı müsabiqəsi keçirilir.
Müsabiqənin məqsədi “Dəmir Yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara nağıllar vasitəsilə aşılanması, müsabiqədə yer tutan nağılların gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunması, beləliklə, “Dəmir Yumruğ”un tarixi və mənəvi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması, eləcə də istedadlı şəxslərin aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi və geniş ictimaiyyətə təqdim edilməsidir.
Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılar Azərbaycan dilində, müəllifin müstəqil yaradıcılıq fəaliyyəti əsasında hazırlanmalı və müsabiqənin mövzu və məqsədlərinə uyğun olmalıdır.
Yazılar 2 səhifə həcmində, Arial 12 şriftində hazırlanmalıdır. Təqdim olunan əsərlər əvvəllər heç bir media subyektində dərc edilməməli və ya yayımlanmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər yazılarını 3 noyabr 2026-cı il tarixinədək elektron poçt vasitəsilə [email protected] ünvanına və ya şəxsən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə yaradılan 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə zamanı mövzunun dolğun və hərtərəfli işıqlandırılması, ideya və məzmunun zənginliyi, müəllifin fərdi yanaşması, yaradıcılıq üslubu və orijinallığı, dil və üslub xüsusiyyətləri, yazının maarifləndirici və tərbiyəvi əhəmiyyəti, eləcə də digər müəyyən edilmiş meyarlar əsas götürüləcək.
Müsabiqədə bir I, bir II və bir III yer müəyyən ediləcək. Qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar. Qalib yazıların muxtar respublikada fəaliyyət göstərən mətbu orqanlarda dərc olunması təmin ediləcək.
Daha ətraflı Nazirliyin nculture.gov.az saytına daxil olaraq məlumat ala bilərsiniz.
Ətraflı: Əsasnamə linki
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
