İfrat sağ Almaniya üçün Alternativ (AfD) partiyası elektron poçt hesablarına haker hücumunu təsdiqləyib.
NTV yerli mediaya istinadla xəbər verir ki, partiyanın məlumatında bu ilin sentyabrında xidmət təminatçılarından birinə edilən hücum zamanı bəzi elektron poçt qutularındakı məlumatların qanunsuz surətdə köçürüldüyü açıqlayıb.
Yerli medianın məlumatına görə, hakerlər internetdə təxminən 421 min elektron məktubdan ibarət olduğu iddia edilən məlumatları yayımladıqlarını bildiriblər. Lakin həmin məlumatların həqiqiliyi hələ təsdiqlənməyib.
Partiya hücuma məruz qalan hesabların əksəriyyətinin uzun müddətdir istifadə edilmədiyini, AfD-nin federal rəhbərliyinə aid aktiv elektron poçt hesablarının isə hücuma məruz qalmadığını açıqlayıb.
İnternetdə yayılan məlumatların şəxsiyyət sənədlərinin surətlərini, bank çıxarışlarını, hesab-fakturaları və partiya üzvlərinə dair sənədləri əhatə etdiyi iddia olunur. AfD hücumun vaxtında aşkar edilərək dayandırıldığını bildirib.
