Elektrik enerjisindən asılı tibbi cihazlardan istifadə edən yaşlı insanlar qasırğalar və daşqınlar zamanı, eləcə də fəlakətlərdən sonrakı dövrdə ciddi sağlamlıq riskləri ilə üzləşirlər. Yeni tədqiqat göstərib ki, daşqınların şiddəti artdıqca bu risklər daha da yüksəlir.
NTV xəbər verir ki, “Amerika Geriatriya Cəmiyyətinin Jurnalı”nda dərc olunan araşdırmada Şimali Karolinada 65 yaş və yuxarı, Medicare tibbi sığorta proqramının benefisiarı olan və elektriklə işləyən tibbi avadanlıqlardan istifadə edən şəxslərin sağlamlıq göstəriciləri təhlil edilib.
Tədqiqatçılar 2016-cı ildə baş vermiş Metyu və 2018-ci ildə qeydə alınmış Florensiya qasırğalarından sonrakı bir il ərzində xəstəxanaya yerləşdirilmə və ölüm hallarını araşdırıblar. Təhlil zamanı fəlakətlərin təsirini qiymətləndirmək üçün Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin məlumatlarından və Şimali Karolinanın daşqın ərazilərini əks etdirən arxivindən istifadə olunub. Nəticələrə görə, qasırğalardan dərhal sonra xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayında əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Bununla belə, Metyu qasırğasından sonrakı bir il ərzində hər iki göstəricidə artım müşahidə edilib.
Daşqınların əhatə dairəsi və şiddətini daha dəqiq nəzərə alan təhlillər isə qasırğalara məruzqalma ilə xəstəxanaya yerləşdirilmə və ölüm halları arasında daha güclü və ardıcıl əlaqə olduğunu üzə çıxarıb. Araşdırma, həmçinin göstərib ki, daşqınların şiddəti artdıqca qaradərili insanlar qısa və uzunmüddətli sağlamlıq nəticələri baxımından daha əlverişsiz vəziyyətlə üzləşiblər.
Tədqiqatın baş müəllifi, Şimali Karolina Universitetinin Gillings Qlobal İctimai Səhiyyə Məktəbinin əməkdaşı Cennifer L. Lund bildirib ki, araşdırma qasırğa təhlükəsi və səhiyyə xidmətlərindən istifadə ilə bağlı məlumatların əlaqələndirilməsi əsasında aparılıb. Onun sözlərinə görə, əldə olunan nəticələr qasırğa və daşqınların tibbi baxımdan həssas əhali qruplarına təsirinin daha dərindən öyrənilməsi, eləcə də fəlakətlərə hazırlıq və fövqəladə halların planlaşdırılması istiqamətində yerli və dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi üçün əsas yaradır.
Araşdırma elektriklə işləyən tibbi cihazlardan asılı olan yaşlı insanların fəlakətlər zamanı müdafiəsinin gücləndirilməsinin, fasiləsiz tibbi xidmətin təmin edilməsinin və daşqın risklərinin səhiyyə planlaşdırılmasında nəzərə alınmasının vacibliyini önə çıxarır.
