NATO Qara dənizdə ticarət gəmilərinə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlardan sonra Bolqarıstan və Rumıniya sahillərində təhlükəsizlik tədbirlərini gücləndirir.
NTV xəbər verir ki, Bolqarıstan Milli Radiosunun məlumatına görə, alyans Qara dəniz regionuna əlavə patrul təyyarələri, radar sistemləri, pilotsuz uçuş aparatları və kəşfiyyat mütəxəssisləri göndərməyi qərara alıb.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahının nümayəndəsi Martin O'Donnell bildirib ki, əlavə hərbi vasitələrin yerləşdirilməsində məqsəd Qara dənizdə müşahidə imkanlarını genişləndirmək, mümkün təhlükələri vaxtında müəyyənləşdirmək və ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etməkdir.
Məlumata görə, Amerika Birləşmiş Ştatlarnın Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8 Poseidon” patrul təyyarəsi artıq Bolqarıstanın Varna şəhərində yerləşdirilib və Qara dəniz üzərində kəşfiyyat uçuşlarına başlayıb.
Bolqarıstan Teleqraf Agentliyinin məlumatına əsasən, son həftələrdə ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında bir neçə ticarət gəmisi pilotsuz aparatların hücumuna məruz qalıb. Oktyabrın 13-də Malta bayrağı altında üzən “Chelsea 3” yük gəmisinə hücum zamanı15 heyət üzvü xilas edilib.
Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, 2026-cı il ərzində Qara dənizdə 100-dən çox pilotsuz aparatın qalıqları aşkarlanıb. Onların bir hissəsi təhlükəli hesab edilərək zərərsizləşdirilib. Bundan başqa, dənizdə üzən minaların aşkar olunaraq məhv edilməsi əməliyyatları da aparılır.
Regionda təhlükəsizliyin gücləndirilməsi çərçivəsində Bolqarıstan, Rumıniya və Türkiyənin iştirakı ilə yaradılmış Qara dəniz Mina Əleyhinə Dəniz Qrupunun fəaliyyətinin genişləndirilməsi də nəzərdə tutulur.
NATO-nun əlavə hərbi vasitələr yerləşdirməsi Qara dənizdə kommersiya gəmiçiliyinin, enerji daşımalarının və beynəlxalq nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
