satellite   Azerspace-1: 11135 H 30000

NATO Almaniyada sualtı infrastrukturun mühafizəsinin gücləndirilməsini müzakirə edib

NATO Almaniyada sualtı infrastrukturun mühafizəsinin gücləndirilməsini müzakirə edib

NATO-nun Kritik Sualtı İnfrastruktur Şəbəkəsinin (CUI) Almaniyanın Rostok şəhərində keçirilən toplantısında sualtı kabellərin, boru kəmərlərinin və digər mühüm obyektlərin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə olunub.

NTV xəbər verir ki, tədbirdə NATO üzvlərinin, Alyansın ekspertlərinin, infrastruktur operatorlarının, Avropa İttifaqının nümayəndələri və NATO tərəfdaş ölkələrinin təmsilçiləri iştirak ediblər.

Hibrid təhdidlərin artdığı bir şəraitdə müzakirələrin əsas diqqət mərkəzində məlumat mübadiləsinin genişləndirilməsi, qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, əməliyyat imkanlarının və çevik reaksiya qabiliyyətinin artırılması, eləcə də kritik infrastrukturun dayanıqlığının möhkəmləndirilməsi dayanıb. İştirakçılar, həmçinin suüstü və sualtı pilotsuz aparatların, modul tipli pilotsuz platformaların və mina əleyhinə vasitələrin nümayiş etdirildiyi özəl sektor sərgisi ilə tanış olublar. Bu texnologiyalar sualtı infrastruktur üçün təhlükələrin aşkarlanması, monitorinqi və insidentlərə reaksiya imkanlarının yaxşılaşdırılmasına xidmət edir.

NATO-nun kibertəhlükəsizlik və rəqəmsal transformasiya üzrə baş katibinin köməkçisi, hibrid təhdidlər üzrə xüsusi koordinator Jan-Şarl Ellerman-Kinqomb bildirib ki, məlumat mübadiləsi hökumətləri, sənaye müəssisələrini, infrastruktur sahiblərini və operatorlarını, eləcə də NATO-nun müvafiq strukturlarını bir araya gətirərək real vaxt rejimində vəziyyət barədə məlumatlılığı gücləndirir. O qeyd edib ki, kritik infrastruktur hədəfə çevrilir və bu, Ukraynada, eləcə də Rusiyanın NATO üzvlərinə qarşı hibrid hücumlarında müşahidə olunub. Onun sözlərinə görə, CUI şəbəkəsi alyansın hibrid təhdidlərə qarşı ümumi fəaliyyətində mühüm yer tutur.

İclasda şəbəkəyə yeni şirkətlər qoşulub, Hind-Sakit okean regionu və Yaxın Şərqdən olan tərəfdaşlar isə ilk dəfə iştirak ediblər. NATO rəsmisi kritik sualtı infrastrukturun qorunmasına verdiyi töhfəyə görə Almaniyaya təşəkkür edib.

Qeyd edək ki, 2022-ci ildə “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlar və Baltik dənizində sonrakı infrastruktur pozuntuları sualtı obyektlərin həssaslığını gündəmə gətirib. 2024-cü ildə yaradılan NATO-nun Kritik Sualtı İnfrastruktur Şəbəkəsi üzv ölkələr, hərbi və mülki qurumlar, eləcə də özəl sektor və elmi ictimaiyyət arasında məlumat mübadiləsini və əməkdaşlığı gücləndirməyə xidmət edir. NATO-nun 2025-ci ilin yanvarında başladığı “Baltik Gözətçisi” təşəbbüsü də Baltik dənizində Alyansın mövcudluğunu gücləndirmək, vəziyyətə nəzarəti yaxşılaşdırmaq və sabitliyi poza biləcək fəaliyyətlərin qarşısını almaq məqsədi daşıyır. Almaniyanın Rostok şəhərində yerləşən çoxmillətli “CTF Baltic” qərargahı Baltik dənizində hərbi vəziyyətin qiymətləndirilməsi və NATO dəniz qüvvələrinin fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM