ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “MV-22 Osprey” hərbi nəqliyyat təyyarəsi Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasında yerləşən Taneqaşima hava limanına təcili eniş edib.
NTV Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Yaponiya-ABŞ birgə “Keen Sword” hərbi təlimi çərçivəsində şəxsi heyəti daşıyan təyyarə yerli vaxtla saat 10:10 radələrində eniş edib və təxminən üç saat sonra yenidən havaya qalxıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, mülki aviareyslərin hərəkətində də fasilə qeydə alınmayıb.
Kaqoşima prefekturasının rəhbərliyi ABŞ tərəfini təyyarənin təcili enişinin səbəbini araşdırmağa və belə halların təkrarlanmaması üçün tədbirlər görməyə çağırıb.
