Rusiyanın Adıgey Respublikasının Adıgeysk şəhərindəki “Ozon” logistika mərkəzinə dron hücumu nəticəsində yanğın baş verib. Obyektin işçiləri təxliyə edilib və ilkin məlumatlara görə, xəsarət alan yoxdur.
NTV xəbər verir ki, bu barədə respublikanın rəhbəri Murat Kumpilov bildirib.
O əlavə edib ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi və xilasetmə xidmətləri cəlb edilib. Hüquq-mühafizə orqanları və yerli hökumət rəsmiləri hadisə yerində işləyir.
“Ozon” şirkətinin mətbuat xidməti də logistika mərkəzinə edilən hücumu təsdiqləyib və bütün işçilərin tez bir zamanda təxliyə edildiyini bildirib.
Şirkət, həmçinin qeyd edib ki, zədələnmiş obyektdən bəzi sifarişlər ləğv ediləcək. Qalan sifarişlərin isə digər logistika mərkəzlərindən çatdırılması planlaşdırılır.
Bundan əlavə, dron qalıqları Adıgey Respublikasının Teuçejski rayonunun Petrov kəndində qaz borusuna və fərdi evin pəncərələrinə zərər vurub. Qaz sızması aradan qaldırılıb və xəsarət alan yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ölkənin bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 709 dronu vurulub.
