Fransanın daxili işlər naziri Loran Nünez bu gün ölkə üzrə keçirilən ümummilli tətil və etiraz aksiyalarına 70 min polis və jandarmın səfərbər ediləcəyini açıqlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində xüsusi təyinatlı bölmələr, pilotsuz uçuş aparatları və helikopterlərdən də istifadə olunacaq.
NTV xəbər verir ki, nazirin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi oktyabrın 31-də tətbiq edilən tədbirlərlə eyni olacaq.
Bugünədək ölkə üzrə 220 etiraz aksiyası qeydə alınıb. Polis və jandarmın əsas vəzifəsi nümayişlərin dinc şəraitdə keçirilməsini və planlaşdırılmış marşrut üzrə başa çatmasını təmin etməkdir. Nünez mümkün iğtişaşlara qarşı son dərəcə sərt tədbirlər görüləcəyini və qanun pozuntularına yol verən şəxslərin saxlanılacağını bildirib.
Parisdə həmkarlar ittifaqlarının təklif etdiyi Bastiliya–Konkord marşrutu qəbul edilməyib. Polis prefekturasının qərarı ilə yürüşün Respublika meydanından Nation meydanına, Volter bulvarı boyunca keçirilməsi müəyyənləşdirilib. Qurum ilkin marşrut üzrə ictimai asayişin pozulması riskini əsas gətirib və iştirakçıları təsdiqlənmiş marşruta qoşulmağa çağırıb. Həmkarlar ittifaqları bu qərardan inzibati məhkəməyə şikayət edib.
Bu günə təyin olunan ümummilli tətil və nümayişlər əməkhaqlarının artırılması, məşğulluğun qorunması, alıcılıq qabiliyyətinin yüksəldilməsi və ictimai xidmətlərin müdafiəsi tələbləri ilə keçirilir.
