Avropada istiqraz emissiyalarının həcmi dövlət borclanmalarının və süni intellekt bumunun yaratdığı maliyyələşmə ehtiyaclarının təsiri ilə ilk dəfə 2 trilyon avronu ötüb. ABŞ-nin iri texnologiya şirkətləri də daxil olmaqla, texnologiya sektorunun nümayəndələri süni intellekt sahəsində zəruri olan məlumat mərkəzlərinin və infrastrukturun maliyyələşdirilməsi məqsədilə böyük həcmdə vəsait cəlb edərək bu illik rekordun əsas hərəkətverici qüvvəsinə çevriliblər.
NTV xəbər verir ki, Avropada istiqraz emissiyalarının həcmi ilk dəfə 2 trilyon avronu (2,2 trilyon dollar) ötüb. Buna hökumətlərin davamlı borclanma ehtiyacı ilə süni intellekt bumunun tələb etdiyi böyük maliyyə resurslarına tələbatın üst-üstə düşməsi səbəb olub.
“Alphabet” və “Amazon” kimi ABŞ-nin texnologiya nəhəngləri süni intellekt üçün zəruri məlumat mərkəzlərinin və infrastrukturun qurulmasını maliyyələşdirmək məqsədilə böyük həcmdə vəsait cəlb edərək bu rekordun əldə olunmasında əsas rol oynayıblar.
Texnologiya sahəsində rəqabətin sürətlənməkdə davam etməsi fonunda borclanma əməliyyatlarının Avropa bankirlərinin gündəliyində uzun müddət əsas mövzulardan biri olacağı gözlənilir.
“HSBC Holdings”in strateqləri bu həftə dərc etdikləri 2027-ci il üzrə proqnoz hesabatında bildiriblər ki, qeyri-maliyyə sektorunda borclanmanın artması əsasən müxtəlif istiqraz bazarları vasitəsilə maliyyə vəsaiti cəlb etməyə çalışan ABŞ şirkətlərinin fəaliyyəti ilə bağlıdır.
Bu artım qlobal miqyasda faiz dərəcələrinin yüksəldiyi, nəticədə maliyyələşmə xərclərinin artdığı bir dövrə təsadüf edir. Eyni zamanda, yüksək kredit reytinqinə malik şirkətlərin istiqrazları üzrə gəlirlilik 2023-cü ildən bəri qeydə alınan ən yüksək səviyyələrə çatıb.
Bununla belə, investorların korporativ borc öhdəliklərinə marağı nisbətən yüksək olaraq qalır. Bu amil şirkətlərin borclanma zamanı ödədikləri əlavə faiz mükafatının məhdud səviyyədə saxlanmasına imkan verir.
