Çinin texnologiya şirkəti “Xiaomi”nin cari ilin üçüncü rübündə xalis mənfəəti yaddaş çiplərinin bahalaşması və elektrik avtomobillərinin satışının azalması səbəbindən ötən ilin eyni dövrü ilə müqayisədə 56,8 faiz geriləyib.
NTV xəbər verir ki, şirkətin iyul-sentyabr aylarını əhatə edən maliyyə nəticələrinə əsasən, hesabat dövründə gəlirləri illik müqayisədə 5,2 faiz azalaraq 107,2 milyard yuan (16 milyard dollar) təşkil edib. Eyni dövrdə xalis mənfəət 56,8 faiz azalaraq 4,8 milyard yuana (720 milyon dollar) düşüb.
Şirkətin əsas fəaliyyət istiqamətləri olan smartfon və digər ağıllı cihazların satışından əldə etdiyi gəlir illik müqayisədə 0,8 faiz azalaraq 45,5 milyard yuan (6,8 milyard dollar) olub. Elektrik avtomobilləri, süni intellekt və digər yeni fəaliyyət istiqamətlərindən əldə olunan gəlirlər isə 19,9 faiz geriləyərək 22,7 milyard yuana (3,4 milyard dollar) enib.
“Xiaomi” maliyyə nəticələrinə dair açıqlamasında üçüncü rübdə yaddaş çipləri də daxil olmaqla, mühüm komponentlərin qiymətinin artdığını və sektorda rəqabətin gücləndiyini bildirib. Şirkət elektrik avtomobillərinin satışında da azalma qeydə alındığını vurğulayıb.
Açıqlamada süni intellekt sektorunun hesabat dövründə sürətlə inkişaf etməyə davam etdiyi qeyd olunub. Bildirilib ki, “Xiaomi” bu sahəyə investisiya xərclərini artırıb və başda süni intellekt olmaqla, əsas texnologiyalar üzrə imkanlarını genişləndirməyə diqqət yetirir.
