Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Senatına (Qazaxıstan parlamentinin yuxarı palatası) seçkilərin 2023-cü il yanvarın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikasının Parlament Senatına seçkilər 2023-cü il yanvarın 14-nə təyin edilsin. Ölkə hökuməti, Astana, Almatı və Şimkent şəhərlərinin akimləri (administrasiya rəhbərləri), regionlarda deputat seçkilərinin təşkili, maddi-texniki və maliyyə dəstəyi üçün tədbirlər görsünlər”, - deyə fərmanda bildirilir.
Qazaxıstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci yarımbəndinə əsasən, Parlament Senatı üzvlərinin səlahiyyət müddəti 2023-cü ildə bitir.
Kasım-Jomart Tokayev noyabrın 26-da, həmçinin Qazaxıstan Respublikası Prezidentinin seçki proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında və 2023-2027-ci illər üçün Qazaxıstan Respublikasının kənd ərazilərinin inkişafı Konsepsiyası haqqında fərmanlar imzalayıb.
