“S&P Global” beynəlxalq reytinq agentliyi Fransanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “A+/A-1” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “sabit”dən “mənfi”yə dəyişib.
NTV agentliyə istinadla xəbər verir ki, mənfi proqnoz böyük büdcə kəsirinin necə həll ediləcəyi ilə bağlı zəif siyasi konsensusun mövcud olduğu bir şəraitdə aşağı iqtisadi artım gözləntiləri ilə yanaşı, dövlət borcunun artmasını əks etdirir.
Bildirilir ki, qarşıdakı iki ildə yüksək büdcə kəsirləri əhəmiyyətli dərəcədə azalmasa və ya iqtisadi artım uzun müddət proqnozlardan aşağı qalarsa, Fransanın kredit reytinqi endirilə bilər.
Fransanın ümumi dövlət büdcəsi kəsirinin 2026-cı ildə gözləniləndən daha yüksək - ümumi daxili məhsulun (ÜDM) 5,5 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Fransanın büdcə kəsirinin təzyiq altında qalmağa davam edəcəyi gözlənilir. Hələ də zəif olan iqtisadi artım və əlavə büdcə konsolidasiyası tədbirlərinin olmaması fonunda kəsirin 2027-ci ildə 5,3 faiz təşkil edəcəyi ehtimal olunur.
Mövcud proqnozlara əsasən, Fransanın dövlət borcu artmaqda davam edəcək, xalis borc 2029-cu ilədək ÜDM-in 118 faizinə çatacaq və buna paralel olaraq faiz xərclərində tədricən artım müşahidə olunacaq.
Sənəddə ölkədəki siyasi qütbləşmənin gələn il keçiriləcək prezident seçkilərindən sonra da davam edə biləcəyi diqqətə çatdırılır.
