Qidalanma keyfiyyəti hələ uşaq yaşlarından qanın tərkibinə öz təsirini göstərir. Şərqi Finlandiya Universitetinin Kuopio şəhərində 500-dən çox uşağı əhatə edən uzunmüddətli elmi layihə çərçivəsində tədqiqat aparan alimlər bu qənaətə gəliblər.
NTV xəbər verir ki, tədqiqat zamanı dietoloq Suvi Laamanen qida rasionu, yağların və amin turşularının mübadiləsi, eləcə də qanda bu prosesləri əks etdirən müvafiq biomarkerlər arasındakı əlaqəni araşdırıb. Tədqiqatın iştirakçıları 7–9 yaşlarından 15–17 yaşlarınadək mütəmadi olaraq izləniliblər.
Nəticələr göstərib ki, sağlam qidalanma ilə bağlı tövsiyələrə uyğun olan uşaqlarda qida rasionunda “Omeqa-3” də daxil olmaqla çoxlu doymamış yağ turşularının konsentrasiyası daha yüksək olub. Bu maddələr ürək-damar sisteminə müsbət təsir göstərir, arterial təzyiqin aşağı düşməsinə kömək edir və ikinci tip şəkərli diabetin yaranma riskini azaldır.
Bundan əlavə, balanslaşdırılmış qidalanma zamanı çox aşağı sıxlığa malik lipoprotein hissəciklərinin ölçüsü daha kiçik olub. Bu lipoproteinlər sonradan “pis” xolesterinin daşıyıcıları kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərə çevrilir.
Bununla yanaşı, Finlandiyanın Sağlamlıq və Sosial Rifah İnstitutunun məlumatları göstərir ki, uşaqların və yeniyetmələrin qidalanma vərdişləri hələ də müəyyən edilmiş tövsiyələrə tam uyğun deyil. Onlar kifayət qədər tərəvəz, meyvə və giləmeyvə qəbul etmir, şəkərin səviyyəsinin yüksək olduğu məhsulları isə həddindən artıq istehlak edirlər.
Tədqiqatın müəllifləri sağlam qidalanma vərdişlərinin hələ uşaqlıq dövründən formalaşdırılmasının vacibliyini vurğulayaraq, bitki mənşəli məhsulların, doymamış yağların və qida liflərinin qəbulunun artırılmasını, şəkər və ət istehlakının isə azaldılmasını tövsiyə edirlər.
Tədqiqat 2007-ci ildən həyata keçirilən Şərqi Finlandiya Universitetinin uzunmüddətli elmi layihəsinin bir hissəsidir.
