Böyük Britaniyanın Əmək və Pensiyalar Nazirliyinin (DWP) elektron xidmətlərinin demək olar ki, hamısının fəaliyyəti kiberinsident səbəbindən müvəqqəti dayandırılıb.
NTV BBC-yə istinadla xəbər verir ki, nazirliyin sistemlərində şübhəli fəaliyyət aşkar edildikdən sonra ehtiyat tədbiri olaraq elektron xidmətlərə giriş məhdudlaşdırılıb.
İnsident pensiya xidmətlərinə, universal sosial müavinət və əlilliyi olan şəxslərə fərdi müstəqillik ödənişi üçün elektron müraciət sistemlərinə, eləcə də vətəndaşların ölüm faktı barədə dövlət qurumlarını məlumatlandırmağa imkan verən “Tell Us Once” sisteminə təsir göstərib. Hökumət rəsmiləri bildiriblər ki, yaranmış vəziyyət müntəzəm pensiya və sosial müavinət ödənişlərinə təsir etməyib və vətəndaşlar ödənişlərini nəzərdə tutulan vaxtda alacaqlar. Hazırda kiberinsidentin miqyası və hansı sistemlərin birbaşa təsirə məruz qaldığı araşdırılır. Elektron xidmətlərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.
Qeyd olunur ki, bu cür dövlət qurumlarının elektron sistemləri kibercinayətkarlar və düşmən dövlətlər üçün cəlbedici hədəf hesab olunur. Belə sistemlərə hücumlar dövlət xidmətlərinin fəaliyyətində ciddi pozuntulara, habelə vətəndaşların fərdi məlumatlarının oğurlanmasına və sonradan dələduzluq məqsədilə istifadə edilməsinə səbəb ola bilər. Bununla belə, Əmək və Pensiyalar Nazirliyi insidentin mahiyyətini hələlik açıqlamayıb.
