Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirir. NTV xəbər verir ki, Energetika nazirinin birinci müavini Artyom Nekrasov brifinqdə bildirib ki, zərbələr nəticəsində altı vilayətdə elektrik enerjisinin verilişi dayandırılıb.
“Son sutka ərzində Rusiya qoşunları əsas yarımstansiyalara və paylayıcı şəbəkələrə yenidən məqsədyönlü zərbələr endirib. Hücumlar nəticəsində bu səhər Dnepropetrovsk, Zaporojye, Kirovoqrad, Sumı, Xarkov və Xerson vilayətlərində abonentlərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb”, - deyə o qeyd edib.
Nekrasov Dnepropetrovsk və Xerson vilayətlərində vəziyyətin mürəkkəb olaraq qaldığını qeyd edib. Zərbələr nəticəsində həmin vilayətlərdə abonentlərin xeyli hissəsi elektrik enerjisiz qalıb. Energetiklər elektrik enerjisinin verilişini bərpa etmək üçün çalışırlar.
Bundan başqa, avadanlıqların zədələnməsi və yüksək gərginlikli şəbəkədə gərginliyin azalması səbəbindən Dnepropetrovsk vilayətində icbari olaraq elektrik enerjisi kəsintiləri tətbiq edilir. Enerji sistemində vəziyyət sabitləşdikdən sonra nəzərdə tutulan qrafiklər bərpa olunacaq.
Nazir müavini, həmçinin vurğulayıb ki, təhlükəsizlik şəraitinin imkan verdiyi ərazilərdə təmir və bərpa işləri davam etdirilir. Bununla yanaşı, təkrar hücumlar və hava həyəcanı siqnallarının davamlı verilməsi təmir briqadalarının işini çətinləşdirir. Buna görə də elektrik enerjisinin verilişini bərpa etmək daha çox vaxt tələb edir.
