Ərdoğan seçicilərə müraciət edib: "Mayın 28-ni zəfərlərimizlə qürur duyduğumuz festivala çevirmək istəyirik”

Ərdoğan seçicilərə müraciət edib: "Mayın 28-ni zəfərlərimizlə qürur duyduğumuz festivala çevirmək istəyirik”

Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan 1960-cı il mayın 27-də ordunun Baş nazir Adnan Menderesi hakimiyyətdən devirməsi ilə nəticələnən hərbi çevrilişin 63-cü ildönümü münasibətilə vətəndaşlara müraciət edib.

NUHÇIXAN-ın məlumatına görə, dövlət başçısı tviterdə yazıb ki, mayın 27-si Türkiyə demokratiyasının ən ağrılı yol ayrıclarından biridir.

R.T.Ərdoğan müraciətində prezident seçkilərinin ikinci turuna da toxunub və çağırış edib.

"Mayın 28-ni ağrılarımızdan dərs çıxardığımız, zəfərlərimizlə qürur duyduğumuz bir festivala çevirmək istəyirik. Mayın 29-u isə İstanbulun fəthi nəticəsində tariximizin ən önəmli zəfərlərindəndir. İndiyədək 85 milyon vətəndaşımızın həyatının yaxşılaşdırılmasına töhfə verməklə, 81 vilayətimizin hər qarışına təsir edəcək əsərlərimizlə sözümüzün üstündə durduğumuzu göstərdik. Mayın 28-də hamımız birlikdə yeni Türkiyə əsrinin ətrafında birləşəcəyik. Böyük və güclü Türkiyə yolçuluğuna davam edəcəyimizə inanırıq”, - dövlət başçısı vurğulayıb.

R.T.Ərdoğan seçiciləri səsvermədə fəal iştirak etməyə çağırıb: “Gəlin, Türkiyənin qarşısında yeni bir dövrün qapılarını açaq. Gəlin, 85 milyon olaraq birlik və həmrəyliyimizə sahib çıxaq. Hər kəsin bu məsələdə rol oynamasını arzu edirik. Mayın 28-ni yeni bir başlanğıca çevirmək üçün bizimlə olmağınızı gözləyirik”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM