AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan regional “ASAN xidmət” mərkəzi könüllülərinin təşəbbüsü, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Dilçilik – insan idrakına, mədəniyyətinə və cəmiyyətinə təsir edən, ünsiyyəti formalaşdıran bir elm kimi” mövzusunda keçirilən dəyirmi masada İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşları, Naxçıvan regional “ASAN xidmət” mərkəzi əməkdaşları və “Dilçilik” qrupu könüllüləri iştirak ediblər.
Tədbiri İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açıb.
Alim çıxışı zamanı Beynəlxalq Ana Dili Gününün təsis edilməsi, bu günün tarixi barədə məlumat verib. Banqladeşdə başlanan ana dili hərəkatından, bu hadisədən 47 il sonra həmin ölkənin təşəbbüsü ilə fevral ayının 21-nin UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilməsindən danışıb.
Alim ünsiyyət vasitəsi kimi ana dilinin önəmindən, dövlət dilimizin yad ünsürlərdən mühafizəsinin vacibliyindən və qloballaşmanın milli-mənəvi dəyərlərə, o cümlədən ana dilimizə mənfi təsirlərindən bəhs edib.
Dilimizə dövlət qayğısından danışan professor indiyədək Azərbaycan dili haqqında imzalanmış mühüm fərman və sərəncamları, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununu diqqətə çatdırıb. Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində dil elementlərinin istifadə imkanlarından söz açıb.
Çıxışının sonunda Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsinin, eləcə də rəhbərlik etdiyi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun fəaliyyəti, ana dilinin tədqiqi və təbliği istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib.
Mərasimdə institut əməkdaşlarından filologiya elmləri doktoru, dosent Nuray Əliyeva mövzu ilə əlaqədar geniş və maarifləndirici məruzə edib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov diqqət yetirilməli məsələlərlə bağlı çıxış ediblər.