Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı konfransda institutun professor-müəllim heyəti, Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin psixoloqları iştirak edib. Naxçıvan Müəllimlər İnstitutunun muxtar respublikada məktəb psixoloqlarının hazırlanmasını həyata keçirən yeganə ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran rektor Azad Novruzov qeyd edib ki, bugünədək “Pedaqogika və psixologiya” ixtisası üzrə 79, “Təhsildə sosial psixoloji xidmət” ixtisası üzrə 223 məzun olub. Haliyədə bu ixtisas üzrə I-IV kurslarda 84 tələbə təhsil alır. Bu ixtisasın məzunlarının haliyədə orta ümumtəhsil məktəblərində psixoloji işin təşkili və həyata keçirilməsinin keyfiyyətliliyinə öz töhfəsini verməkdədir.
Həmçinin diqqətə çatdırılmışdır ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır. Məktəb psixoloqlarının işinin təkmilləşdirilməsinə yönəlmiş bugünkü konfrans da məktəb psixoloqlarının işinin qurulmasına müasir baxışı özündə ehtiva edir.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, hazırda ümumtəhsil müəssisələrində 200-ə yaxın psixoloq fəaliyyət göstərir ki, onun da 46-sı müsabiqə yolu ilə işə qəbul olunub. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir ki, onların da Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən psixoloq kurslarına cəlbi diqqətdə saxlanılmışdır.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları”nı diqqətə çatdıraraq qeyd edib ki, qaydalarda psixoloji xidmətin əsas fəaliyyət istiqamətləri, psixoloqların hüquq və vəzifələri də müəyyənləşdirib.
Sonra mövzuyla bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.