Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Yeniyetmə boksçular arasında Azərbaycan çempionatı keçirilib. Boks Mərkəzində reallaşan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 82 komandanın 459 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən çempionatda oğlanlarda 14, qızlarda 9 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında “Naxçıvan MR” komandası çempionatda baş məşqçi Elnur Kərimli, məşqçi Aftandil Musayev və 8 idmançıdan ibarət heyətlə təmsil olunub.
Komanda üzvlərindən biri mükafatçılar sırasına düşüb. Məhəmməd Mustafayev +80 kq çəki dərəcəsində keçirdiyi 5 görüşdən yalnız birində – final görüşündə məğlub olduğundan gümüş medala layiq görülüb.
Qeyd edək ki, M.Mustafayev bu uğuradək kadetlər arasında Azərbaycan birinciliklərində gümüş və bürünc medal qazanmağa müvəffəq olmuşdur.
