Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərində start verilib.
NTV xəbər verir ki, əvvəlcə Ulu Öndər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Ardınca Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ultramarafonun təşkilinin önəmli olduğunu qeyd edib: "Ötən il bildiyiniz kimi, Qəbələ idman paytaxtı idi. Hər kəs bu yarışı maraqla gözləyir. İşğaldan azad olunan ərazilərdə idman tədbirlərinin təşkili sevindirici məqamdır. Buna görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk".
Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə atletika idman növünə marağın yüksək olduğunu qeyd edib. O, xarici idmançıların da burada iştirakını müsbət məqam kimi qiymətləndirib. Qurum rəsmisi işğaldan azad olunan ərazilərin dövlətin dəstəyi sayəsində yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Yarışda 5 ölkədən 100 atlet iştirak edir.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.
Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 kilometr), Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.
