Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda dünya bazarında mayeləşdirilmiş təbii qaz (LNG) qıtlığı və qiymət artımı müşahidə edilir. “The Economist” yazır ki, 2030-cu ilə qədər LNG təchizatının 630 milyon tona çatacağı, tələbatın isə tədricən artacağı gözlənilir.
NTV xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 4 il əvvəl başlayan müharibə səbəbindən LNG-yə olan tələbatının 40 faizini Qətər vasitəsilə təmin etməyə başlayan Avropa hazırda böhranla üz-üzə qalıb. Rusiya qazından imtina edən Avropa dövlətləri Qətərdən LNG idxalını artırıb. Lakin çox keçmədi ki, başlayan İran-ABŞ müharibəsi və bunun nəticəsində Hörmüz boğazının bağlanması vəziyyəti daha da ağırlaşdırdı.
Bir neçə il əvvəl “The Economist”ə müsahibə verən Qətərin energetika naziri Səid əl-Kaabi qeyd edirdi ki, imzalanan müqavilələr üzrə bütün öhdəliklər vaxtında yerinə yetirilir və Avropa LNG ilə tam təmin edilir. Lakin çox keçmədən Qətər öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşdi. Məsələ heç də Qətərin hasilat və ya ixrac potensialında deyil. Problem, məlum olduğu kimi, Hörmüz boğazının bağlanmasındadır.
Ötən gecə Hörmüz boğazından keçməyə cəhd edən “On Peace” kommersiya gəmisi hərbi hücuma məruz qalıb. Hücum zamanı 12 nəfər yaralanıb ki, onların 11-i Hindistan vətəndaşıdır. Fors-major vəziyyətinin yaranması dünya bazarında LNG təklifinin 39 milyon ton azalmasına səbəb olub ki, bu da qiymətlərin ilin əvvəlindən bəri 140 faiz artmasına gətirib çıxarıb.
Asiya qitəsindəki dövlətlər tələbatlarının 80 faizini Qətər LNG-si hesabına ödəyirdi. Qiymət artımına baxmayaraq, onlar ABŞ, Malayziya, Niger və Avstraliyadan LNG alaraq böhranın təsirlərini nisbətən yumşaq keçirir.
Lakin Avropada vəziyyət bir qədər fərqlidir. Avropanın coğrafi mövqeyi təkcə LNG-nin deyil, digər yanacaq növlərinin də idxalını çətinləşdirir. Məsələ nəqliyyat xərclərinin artmasında deyil. Sadəcə olaraq, Yaxın Şərqdən Avropaya LNG, neft və neft məhsulları daşıyan gəmi və tankerlər Hörmüz boğazından keçə bilmirlər.
Qarşıdakı qışın şaxtalı və ya mülayim keçəcəyi isə problemin bir tərəfidir. Digər məsələ də qitədəki qaz anbarlarının bu günə qədər lazımi səviyyədə doldurulmamasıdır. Aİ-də qaz anbarları cəmi 72 faiz doldurulub. Bu göstərici son 5 ilin eyni dövrü üçün 87 faiz olan mövsümi orta səviyyədən aşağıdır. Əgər dekabr ayında havalar şaxtalı keçsə, anbardakı qaz ehtiyatları qısa müddətdə tükənə bilər.
Hazırda Avropada Trans-Sahara qaz kəmərinin çəkilişinə xüsusi diqqət yetirilir. Bu kəmər Əlcəzair və Nigerdə hasil olunan qazın Avropaya çatdırılması üçün nəzərdə tutulub. Cari ilin iyun ayında əsası qoyulan bu qaz kəmərinin dəyəri 13 milyard dollar təşkil edir və onun ildə 20 milyard kubmetr qaz nəql etmək potensialına malik olacağı gözlənilir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropanın siyasi elitası bu layihəyə vəsait ayıraraq enerji gələcəyini təmin etmək istəyəcək, yoxsa Yaxın Şərqdəki vəziyyətin düzəlməsini gözləyəcək?
