Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində iki avtobus toqquşub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən NTV-yə verilən məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Bildirilib ki, pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.
Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5-nin vəziyyəti stabil olaraq qiymətləndirilir. 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
12:03
Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Bu barədə NTV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
11:42
Dekabrın 25-i saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.
Bu barədə NTV-nin sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
