Oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 729 min 10 vergiödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 4,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.
Dövlət Vergi Xidmətindən NTV-yə bildirilib ki, oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 213 min 837 təşkil edib, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çoxdur.
Bu ilin sentyabr ayında 1208 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. Cari ilin yanvar–sentyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.
Bu il oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
