NUHÇIXAN xəbər verir ki, Dünya Bankı (DB) 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti ümumi daxili məhsulun (ÜDM) 11,6 %-i qədər olacağını proqnozlaşdırır.
Bankdan Report-a verilən məlumata görə, növbəti illərdə bu göstəricinin azalacağı gözlənilir.
Belə ki, CƏB üzrə profisit 2026-cı ildə ÜDM-in 5,4 %-i, 2027-ci ildə 3,8 %-i, 2028-ci ildə 3,6 %-i, 2029-cu ildə isə 3,4 %-i qədər olacaq.
Dünya Bankı hesab edir ki, Azərbaycanın dövlət büdcəsi və cari əməliyyatlar hesabının profisiti yüksək neft-qaz gəlirləri sayəsində saxlanılır. 2019-2023-cü illərdə CƏB üzrə profisit ÜDM-in orta hesabla 14,9 %-ni, büdcə profisiti isə ÜDM-in təxminən 4,1 %-ni təşkil edib.
Vergi inzibatçılığının təkmilləşdirilməsi hesabına vergi daxilolmalarının ÜDM-də payı 2023-cü ildə 18 %-ə yüksəlib. Bu göstərici 2019-cu ildə 14,5 % təşkil edib.
"Ölkənin fiskal siyasəti qabarıq prosiklik xarakter daşıyıb, dövlət xərcləri tez-tez artım istiqamətində yenidən nəzərdən keçirilib, xüsusilə enerji resurslarının yüksək qiymətləri fonunda. Eyni zamanda, qeyri-karbon sektorlarından vergi daxilolmalarının artması fiskal qaydaya uyğun olaraq qeyri-neft-qaz ilkin kəsirini azaltmağa imkan verib", - bank qeyd edib.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın CƏB-nin profisiti ÜDM-in 5,6 % səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft-qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla, hökumətin hesablamalarına görə, CƏB üzrə profisit ildə təxminən ÜDM-in 3 %-i səviyyəsində olacaq.
AMB 2025-ci il üçün sözügedən profisiti 5,5 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
2024-cü ilin 9 ayının yekunlarına görə, Azərbaycanın CƏB üzrə profisiti təxminən 4 milyard ABŞ dolları və yaxud ÜDM-in 7,2 %-i təşkil edib.