İldə adambaşına düşən plastik tullantıların miqdarı ölkələr üzrə fərqlidir. Belə ki, bu göstərici Avropa İttifaqı ölkələrində təxminən 36 kiloqram, dünya üzrə orta hesabla 20–30 kiloqram, Azərbaycanda isə təxminən 24–25 kiloqram təşkil edir.
NUHÇIXAN xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusundakı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Son 15 ildə Azərbaycanda plastik qablaşdırma məhsullarının idxalının 5 dəfə, istehsalın isə təxminən 6,3 dəfə artdığını bildirən nazir müavini əlavə edib ki, plastik tullantıların təkrar emal faizi Avropa İttifaqı ölkələrində təxminən 35–40, Asiya-Sakit okean regionunda 12, Azərbaycanda isə 15 faiz təşkil edir.
“Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının atılmasına gətirib çıxarır. Bu da istilik effekti yaradan qazların emissiyasının artmasına gətirib çıxarır və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır”, - deyə o əlavə edib.
