NTV xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən SPECA Forumunda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) çıxışı zamanı deyib.
Dmitri Mariyasin UNECE-nin Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə 30 ilə yaxındır ki, SPECA-ya dəstək verdiyini bildirib.
“Üç il əvvəl Bakıdakı sammitdə SPECA-nı regional əməkdaşlıq üçün mənalı, praktik platformaya çevirmək barədə qərar qəbul edilib. O vaxtdan bəri biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu əməkdaşlığında, maliyyələşdirmə mexanizminin, SPECA fondunun yaradılmasında real irəliləyiş əldə etmişik. Bu gün deyərdim ki, SPECA-nın yenidən aktivləşdirilməsinin üçüncü mərhələsidir. Biz əvvəllər SPECA-da heç vaxt mövcud olmayan bir şəhər treki yaradırıq. Niyə SPECA-da şəhərlərə ehtiyacımız var? Biz hamımız bilirik ki, çoxtərəflilik hökumətlərarası səviyyədə zəifləməyə başlayanda çox vaxt şəhərlər və merlər öz vətəndaşlarının üzləşdiyi ən aktual problemlərin həllində liderlik edir. SPECA regionunda Mərkəzi Asiya və Cənubi Qafqaz şəhərləri ümumi problemlər, sürətli urbanizasiya, mənzil sistemlərinə təzyiq, köhnəlmiş infrastruktur, iqlim riskləri, tıxac, enerji çatışmazlığı, havanın keyfiyyəti problemləri və modernləşdirilmiş şəhər idarəçiliyi, istər paytaxt şəhərləri, istərsə də çox vaxt son dərəcə vacib olan digər şəhərlər, öz ölkələrinin davamlı inkişafı üçün əsas prioritetə çevrilib”, - deyə Dmitri Mariyasin əlavə edib.
