Müasir media yalnız məlumat mənbəyi deyil. O, eyni zamanda, beynəlxalq kommunikasiya və milli maraqlar üçün hərəkətverici qüvvədir. Xüsusilə şəhərlərdə, yaşayış məskənlərində davamlılığın, dayanıqlılığın artırılması üçün olduqca önəmli aktordur.
NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, media platformalarını maraqlı tərəflər, qruplar oxuyur. Yəni media onları birləşdirir və dialoq üçün hazırlayır. Həmçinin qurumlar arasında körpü rolunu oynayır.
“Dayanıqlılığının təmin edilməsi ictimai məlumatlandırma ilə də bağlıdır”, - deyə deputat əlavə edib.
