NTV xəbər verir ki, 2026-cı ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 6978 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 19 faiz olub.
Qeydiyyata alınan əmlaklardan 3139-u torpaq sahəsi, 2633-ü fərdi yaşayış və bağ evi, 887-si mənzil, 158-i qeyri-yaşayış sahəsi, 150-si qeyri-yaşayış binası, 11-i isə əmlak kompleksidir.
Cari ilin 7 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,4 milyon manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,4 min manat və ya 5,4 faiz çoxdur.
