Hal-hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən növbəti modernizasiya layihəsi aktiv fazadadır. Layihənin mühəndislik mərhələsi 95 faiz tamamlanıb və növbəti ildən sahə işlərinə start veriləcək.
NTV xəbər verir ki, bu sözləri SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Proses üzrə direktoru Samir Səlimli "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində Etilen-Polietilen zavoduna təşkil edilən media-tur zamanı deyib.
Bildirilib ki, müəssisədə müxtəlif məhsullar üzrə istehsal gücü 50, 90, 120 və 187 min ton təşkil edir.
“Müəssisənin məhsullarının satışında ixracın payı təxminən 90 faiz təşkil edir. Daxili bazarın tələbatı təmin edildikdən sonra məhsullar Türkiyə, Estoniya, digər Avropa ölkələri, Çin və başqa istiqamətlərə ixrac olunur. 2016–2021-ci illərdə icra edilən layihə çərçivəsində məhsuldarlıq etilen üzrə 40 faiz, propilen üzrə isə 70 faiz artırılıb və qurğular artıq 5 ildir ki, bu güclə fəaliyyət göstərir”,- deyə o qeyd edib.
