Bu gün görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın doğum günüdür

Bu gün görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın doğum günüdür

Nəğmə dolu bir ürəyəm,

Torpağına baş əyərəm

Ey Vətən...

Bəstələdiyi mahnıları ilə uzun illərdən bəri xalqın qəlbində əbədi məskən salan və bir çox mahnıları ilə efirlərdə hələ də aktuallığını qoruyub saxlayan bəstəkar, Xalq artisti Elza İbrahimovanın bu gün doğum günüdür.  

Könüllərə, ruhlara mənəvi qida verən -  “Ey Vətən”, “Bilməzdim”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və sair bu kimi mahnıları xalqımız tərəfindən sevilərək dinlənilir.

Görkəmli bəstəkar 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda anadan olub. Uşaq yaşlarından musiqiyə olan həvəsinə görə valideynləri onu 8 saylı musiqi məktəbinə qoyub. Sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alan Elza İbrahimova ali təhsil almaq arzusu ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Burada Cövdət Hacıyev və Qara Qarayevdən musiqinin sirlərini dərindən öyrənən Elza İbrahimova biliyi və istedadı ilə müəllimlərinin sevgisini qazanır. Onun “Fortepiano və orkestr üçün konsert” hazırladığı diplom işini yoxlayan müəllimləri - Qara Qarayev və maestro Niyazi Hacıbəyov heyrətlə “Maraqlı, ancaq fortepiano fakturalı pianoçu üçün mürəkkəb əsərdir”, -deyərək yüksək qiymətləndiriblər.

Ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edən Elza İbrahimova bənzərsiz yaradıcılığı ilə mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərləri dərin məzmunu və yüksək bədiiliyi ilə seçilir. O, “Afət”, “Yanan laylalar” operaları, “Neftçilər himni” və Milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərlərini zəngin təxəyülü ilə yaradıb.

Bir çox dünya şöhrətli sənətkarlardan - Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov və sair bəstəkar haqqında fikirlərini bildirərkən onun istedadı və orijinal yaradıcılığının musiqi dünyasında xüsusi yeri olduğunu qeyd ediblər.

Azərbaycan Musiqi mədəniyyətində xüsusi yeri olan mahnı janrının inkişafında bəstəkarın yaradıcılığının xüsusi rolu olub. Yaradıcılığında sərbəstlik və novatorluq kimi cəhətlərə üstünlük verən Elza İbrahimova Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri olub. Onun bəstələdiyi “Yalan ha deyil” ilk mahnısını Şövkət Ələkbərovanın ifasında dinlənilərək sevilib. “Ey Vətən” mahnısı isə Rəşid Behbudovun ifasında dinlədildikdən sonra sənətkar xanıma şöhrət qazandıraraq dünyada tanıdıb. Mahnıları ilə insanlara vətənpərvərliyi, səmimi sevgi duyğularını aşılayan bəstəkar melodiyada emosionallığı qoruyaraq dinləyicini düşünməyə və sevməyə sövq edir. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Xalq şairi Bəxtiyar Vahabzadə bəstəkarın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi qiymətləndirib.

100-dən çox Azərbaycan şairlərinin əsərlərinə, eyni zamanda rus və ləzgi dillərində yazılan şeirlərə mahnılar bəstələyən Elza İbrahimova musiqi mədəniyyətimizə misilsiz töhvələr verib. Onun yaradıcılığı layiqincə qiymətləndirilərək dövlətin ən yüksək fəxri adlarına və  Dağıstanın Xalq artisti, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

Görkəmli bəstəkar Elza İbrahimova 2012-ci il fevral ayının 11-də Bakı şəhərində vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 22 dekabr tarixli Sərəncamı ilə Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM